“Azərbaycan dünya turistləri
üçün açılmamış sirdir”
“Bakının, regionların potensialı turizmi
inkişaf etdirməyə, ölkənin əsas gəlir mənbələrindən
birinə çevirməyə imkan verir”
Ölkəmizdə fəaliyyət göstərən brend hotellərin təmsilçiləri ilə müsahibələr silsiləsindən növbəti həmsöhbətimiz “Kempinski Hotel Badamdar”ın baş meneceri Pyer Staçerdir (Pierre Stacher).
- Cənab Staçer, öncə özünüz barədə oxucularımıza məlumat verməyinizi istərdik. Nə vaxtdan paytaxtımızda çalışırsınız?
- Səkkiz aydır ki, şəhərinizin qonağı və sakiniyəm. Uzun illərdir hotelçilik sahəsində çalışıram. Dünyanın beş qitəsində, 16 ölkəsində fəaliyyət göstərmişəm, 12 ölkədə baş menecer işləmişəm. Bu isə o deməkdir ki, buraya sadəcə özümü deyil, həm də dünyanın müxtəlif ölkələrində olan turizm fəlsəfəsini, yanaşmasını, müxtəlifliyi və ən nəhayət, bütün bunların cəmindən yaranan təcrübəmi gətirmişəm. Hotelçilik biznesi mənim həyatımın ayrılmaz bir parçasıdır desəm, yanılmaram. Şəxsi həyatımla bağlı isə onu deyə bilərəm ki, 30 ildir ailəliyəm. Həyat yoldaşım burada mənimlədir. Oğullarımdan biri hotelçilik sahəsindədir, mənim sənətimi davam etdirir. O, “Four Seasons” hotellər şəbəkəsinin Sinqapur nümayəndəliyində çalışır. Digər oğlum isə Avstraliyada elmi araşdırma ilə məşğuldur.
- Hotelçilik sahəsində çalışan oğlunuzun yəqin ki, çətinlikləri olmaz...
- Yardımçı oluram, desəm,
bu, yanlış olar. O hələ cavandır, öyrənməyə
açıqdır. Mən ona yüksək səviyyədə
təhsil almasına imkan yaratdım. İndi
də öz işinin başındadır. Hesab edirəm ki, o özü öz yolunu tapmağa
çalışmalıdır, uğurlar əldə etməlidir.
Məncə, işinin öhdəsindən
lazımınca gəlməyi bacarır. Biz
də həyat yoldaşımla bərabər Bakıdakı
işlərimizlə məşğuluq.
- Azərbaycanda işləməklə
bağlı təklif aldığınızda ilk
reaksiyanız necə oldu?
- Etiraf edim ki, bu təklifi alanda
ölkəniz barədə, Bakı haqqında heç bir məlumatım
yox idi. Bu təklifi almazdan öncə Seyşel
adalarında yeni hotelimiz açılmaq üzrə idi. Fikirləşirdim ki, orada
çalışacağam, ancaq məni buraya göndərdilər.
Ölkənizlə ilk
tanışlığım internet vasitəsilə oldu. Google-da Azərbaycan haqqında səhifələrə
baxdım. İlk təəssüratlarımı
normal qiymətləndirmək olar. Ancaq əyani
tanışlıq məndə daha müsbət fikirlər
yaratdı. Bakı inkişaf etmiş,
müasir şəhərdir. Burada
müasirliklə qədimlik, Şərqlə Qərb bir
aradadır. İçərişəhərdə
oldum. Əsrarəngiz dərəcədə
gözəldir. Müasir və
işıqlı küçələr, binalar cəlbedicidir.
Hesab edirəm ki, Bakının, regionların
potensialı turizmi inkişaf etdirməyə, ölkənin əsas
gəlir mənbələrindən birinə çevirməyə
imkan verir. Buraya əcnəbi dostlarım, həmkarlarım
gəlir. Onlar da eyni fikirdədirlər.
Deyirlər ki, Azərbaycan indiyə qədər
necə olub ki, açılmamış sirr kimi qalıb?!
Xaricdə ölkənizi daha çox neft məmləkəti
kimi tanıyırlar.
- Keçmiş sovet ölkələrində
fəaliyyətiniz olubmu?
- Xeyr, Azərbaycan bu sıradan ilk
ölkədir. Bundan əlavə, yalnız bir dəfə
Moskvada qısamüddətli layihəyə cəlb
olunmuşam. Çində işləmişəm.
O zaman bu ölkə təzə-təzə dünyaya
açılırdı, Qərb şirkətləri Çin
iqtisadiyyatına sərmayə qoymağa
başlamışdı. Türkiyədə də
müəyyən müddət fəaliyyətim olub. Müqayisə üçün deyə bilərəm
ki, burada insanlar daha işgüzar və
nizam-intizamlıdırlar.
- Siz öz şəxsi təcrübənizdən
necə görürsünüz, Azərbaycan turizmi hansı
istiqamətdə inkişaf edir?
- Azərbaycan turizmini Körfəz
ölkələri ilə müqayisə etmək olar. Bu, qısa müddətdə sürətli yenilənmə
və inkişafda özünü göstərir. Məsələn,
Dubayda da az bir zaman kəsiyində
infrastruktur layihələri həyata keçirildi, şəhərin
siması tamam dəyişdi. Ancaq mən
oxşarlıqlardan daha çox fərqləri görürəm.
Dubay, belə demək olarsa, yoxdan
yaradılmış, yenidən qurulmuş şəhərdir.
Bakı isə keçmişi olan, uzun illərin
oturuşmuş şəhəridir. Məncə,
gələcəkdə Bakı sırf müasirlik, biznes və
turizm mərkəzi baxımından Dubayın dünyada oynadığı
rolu oynayacaq, zahirən daha çox bənzəyəcək,
ancaq insanlar, mədəniyyət, tarix fərqlidir. Buranın mentaliteti Avropaya daha yaxındır.
- Azərbaycan turizmi ilə işlədiyiniz
ölkələrin turizmi arasında hansı fərqləri
müşahidə edirsiniz?
- Fərqlər çoxdur. Birincisi, turizmlə məşğul olan ölkələrə
səyahət etmək olduqca asandır. Bu
asan viza siyasəti ilə bağlıdır. Azərbaycan turizmində də bu mühüm məqam
nəzərə alınmalıdır. Cəlbedicilik
baxımından isə Azərbaycanın turizm sahəsində
məşhur olan Avstriya kimi ölkələrdən də
öndə olduğunu deyə bilərəm. Ölkəniz qədim İpək Yolunun, nəqliyyat
qovşaqlarının üzərindədir. Ümumiyyətlə, indi dünyada turizmə
yanaşma dəyişib. İnsanlar
gördükləri, bildikləri yerlərə, məkanlara
deyil, yeniliklərə can atırlar. Azərbaycan
sadəcə təbliğatla həmin böyük turist
axınını ölkəyə cəlb edə bilər.
Viza sistemini daha da asanlaşdırmaq
lazımdır. Bundan əlavə, Azərbaycan
regional inkişafa da önəm verməlidir. Ölkəniz kiçik olduğundan Gürcüstan
və Türkiyə ilə birgə əməkdaşlığa
getməlidir. Məsələn, turizm
marşrutlarına bölgələrlə yanaşı,
Gürcüstan və Türkiyə də daxil edilə bilər
ki, bu da turistlər üçün cəlbediciliyi
artırmış olar. Qonşu ölkələr
də eyni xətti yürütdükləri təqdirdə bu,
ümumi regional inkişafa gətirib çıxarar. Bundan əlavə, turist haqqında “Boş-bekar,
işsiz-gücsüz adam təsəvvürü” ən
yanlış yanaşmadır. Təcrübə və təhlillər
göstərir ki, səyahətə meylli şəxslər
maddi cəhətdən təminatlı, intellektual səviyyəsi
yüksək və vaxtı az olan
insanlardır. Onlar daha çox 5-10 günlük
qısa, ancaq mənalı səyahətlərə
üstünlük verirlər.
- Ölkəmizdə turizmi
inkişaf etdirmək üçün daha hansı işlər
görülməlidir?
- Bakıya sadəcə bir şəhər
və turist məntəqəsi kimi baxmaq lazımdır. Gələn qonağı burada yalnız 2-3 gün
saxlamaq olar. Regionların turizmi inkişaf
etdirilməlidir. Mənim həyat
yoldaşım Qəbələdə oldu. Təəssüratlarından
anladım ki, bölgələrdə turizm inkişaf etdirilərsə,
daha yüksək nəticələrə nail olmaq olar. Çünki turist səfərə çıxanda
ilk olaraq özünə “mən bu ölkəyə bir həftəlik
səyahət etsəm, nələri görəcəyəm, nə
edəcəyəm” sualını verir. Çalışmaq
lazımdır ki, insanlar bu suala həmişə müsbət
cavab tapsınlar. Bir məsələni də
diqqətinizə çatdırım. Hazırda
çox iddialı yanaşmanın da tərəfdarı deyiləm.
Hələ ki, turistlərin üç həftəliyə,
bir aylığa bura gələcəyini gözləmək
tezdir. Birincisi, insanların bu qədər
vaxtı yoxdur, ikincisi, Azərbaycan o qədər
tanınmayıb. Məncə, ən
uğurlu yol əcnəbilər üçün 7
günlük səyahət paketlərinin hazırlanması və
bu sahədə təbliğat işinin qurulmasıdır.
Azərbaycan turizminin təbliği
üçün əcnəbi jurnalistlər, kanallar ölkəyə
daha tez-tez dəvət edilməli, infoturlar təşkil
olunmalıdır. Bizim sahə çox rəqabətlidir.
Başqa ölkələr daha rahat şərtlər
irəli sürürlər. Hətta bir
çox ölkələrə vizasız səyahət
mümkündür.
Digər məqam hava
nəqliyyatı ilə bağlıdır. Bir çox aviaşirkətlər hələ ki
Bakıya reys açmayıb. Bakını dünya hava nəqliyyatının
qovşağına çevirə bilsək, turizmin sürətlə
inkişafına, ölkənin tanınmasına nail ola bilərik. Əsasən Avropa
və inkişaf etmiş Cənub-Şərqi Asiya ölkələrinin
hava yolları şirkətlərini ölkəyə cəlb
etmək lazımdır.
- “Kempinski Hotel
Badamdar” olaraq turist cəlb edilməsi ilə bağlı
işi necə qurmusunuz?
- Bizim əsas müştərilərimiz
Bakıya konfrans məqsədilə gələnlər və
xarici neft şirkətlərində çalışanlardır.
Ancaq bu ildən ciddi təbliğat işinə
başlamışıq. Bir çox xarici
kanallarda süjetlərimiz yayımlanıb, online səyahət
agentliklər ilə əməkdaşlıq qurmuşuq,
satış və reklam departamentimiz aktiv fəaliyyət
göstərir. “Kempinsiki” hotellər şəbəkəsinin
dünya üzrə müştəri cəlbi ilə məşğul
olan təşkilatı mövcuddur. Onlar da
hotelimizin təbliğatı, müştərilərin cəlb
edilməsi işində lazımi köməklik göstərirlər.
Bir müddət əvvəl Floridadan olan
turoperatorun nümayəndələrini Bakıda qonaq etdik.
Belə insanlar vasitəsilə də hotelimizə
və ümumilikdə ölkəyə turist cəlb edirik.
Bu il ilk dəfə Bakıda polo
yarışları keçirəcəyik. Artıq
bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinin
qəzet və jurnallarında reklamlar yerləşdirilib,
geniş təbliğat işlərinə
başlamışıq. Xeyli sayda turistin
Bakıya gələcəyini düşünürük.
Bu sahədə işlək şəbəkə
qurduğumuzu deyə bilərəm. Bununla
belə, “otaqlarımızın hamısı doludurmu?” - deyə soruşsanız, deyərəm ki, xeyr. Hətta orta göstəricidən də bir qədər
aşağıdayıq.
- Turizm sahəsində
çalışan insanlarımızın bilik və
bacarıqları necə, sizi qane edirmi?
- Kadr məsələsinə gəldikdə,
ilk öncə çalışmaq lazımdır ki, hotel
biznesinə bu sahənin təhsilini almış insanlar cəlb
edilsin. Düzdür, Azərbaycanda Turizm
İnstitutu fəaliyyət göstərir, ancaq bu sahədə
hələ çox işlər görülməlidir. Məsələnin obyektiv tərəfləri də
var. Ölkə iqtisadiyyatı əsas etibarı ilə turizm
yönümlü deyil, aparıcı istiqamət neft və qaz
sektorudur. Gənclər də bu sahələrə
daha çox üstünlük verirlər. Bu səbəbdən brend hotellər olaraq kadr
hazırlığına xüsusi diqqət ayırmalı
oluruq. Mən bir menecer olaraq dil biliklərinə
sahib, mədəni keyfiyyətləri olan gənclərin
işə götürülməsinə və burada
yetişdirilməsinə həmişə tərəfdar
olmuşam. Dillə bağlı problemlər
mövcuddur. Bir çox Cənub-Şərqi
Asiya ölkələrində də eyni problem müşahidə
olunurdu. Dəyişən tələblər
onları vadar etdi ki, yapon dilindən başqa ingilis dilini də
öyrənsinlər.
- Azərbaycan mətbəxi ilə
aranız necədir?
- Yeməkləriniz çox
xoşuma gəlir. Ancaq yaşımla əlaqədar
pəhriz saxlamalı oluram. Ən çox
bəyəndiyim ölkənizdə becərilən meyvə və
tərəvəzlərdir. Burada istehsal
olunan kənd təsərrüfatı məhsulları kimyəvi
qatqısız və təzədir. İstərdim
ki, hotellərimizdə yerli məhsullar daha çox istifadə
olunsun. Artıq dünyanın bir çox
yerində meyvə və tərəvəzlər öz əvvəlki
dadını itirib. O ki qaldı milli mətbəxin
hotelimizdə müştərilərə təqdim
olunmasına, biz hotelçiliklə yanaşı Azərbaycan
bazarına digər xidmətlərimizlə də
çıxırıq. Nikah mərasimləri,
banketlər, ad günləri təşkil edirik, alış-veriş
mərkəzimiz fəaliyyət göstərir. Daha çox yerli müştərilər
üçün nəzərdə tutulan bu xidmətlər
bizdən milli mətbəxə də üstünlük verməyimizi
tələb edir. Bundan əlavə, beynəlxalq
konfranslar zamanı da mütləq Azərbaycan mətbəxindən
müəyyən nümunələr qonaqlara təqdim olunur.
- Bir çox brend hotellərdə
olmuşam. “Kempinski”də milli ornamentlərə
daha çox rast gəldim.
- Bəli, dizaynda milli üslubla Qərb
dəbdəbəsi birləşdirilib. Hotelimizi
gəzsəniz, hər guşədə Azərbaycanla
bağlı bir parça tapa bilərsiniz. Ümumiyyətlə, biz “Kempinski” hotellər şəbəkəsi
olaraq yerli xüsusiyyətlərə daha çox önəm
veririk. Çalışırıq ki,
hotellərimiz ölkənin bütün müsbət tərəflərini
özündə əks etdirsin.
Sadiq Musa
Mədəniyyət.-
2013.- 12 iyun.- S. 11.